Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidməti istifadəyə verildi

06 fevral 2013 | 11:00

2013-cü il fevral 5-də Binəqədi Rayon İcra Hakimiyyətində “Sakinlərin Müraciət Xidməti”nin təqdimat mərasimi keçirildi.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev yekun nitqində məhz İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmiş və 16 yanvar 2013-cü il tarixində müvafiq Sərəncam imzalamışdır.
Ötən dövr ərzində Binəqədi Rayon İcra Hakimiyyətində də informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edilmiş, 6 avqust 2012-ci il tarixli əmr ilə Avtomatlaşdırılmış İnformasiya Sisteminin (AİS) tətbiqi üzrə İşçi qrupu yaradılmış, qısa müddət ərzində bu Sisteminin (AİS-in) kargüzarlıq, kadr və qəbul altmodullarının tətbiqinə başlanılmış, rayonun unikal elektron xəritəsi hazırlanmışdır.
Bu sahədə görülən işlərin davamı olaraq Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması və şikayətlərin qəbul edilərək operativ şəkildə araşdırmaya yönəldilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti-1646 yaradıldı.
Sakinlərin Müraciət Xidmətinin yaradılması vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşmasına, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına, beləliklədə dövlət orqanları ilə cəmiyyət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Sakinlərin Müraciət Xidmətinin yaradılmasından gözlənilən nəticələr olaraq dövlət orqanı ilə əhali arasında əlaqələrin möhkəmlənməsinə, İcra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların məlumatlılığının artmasına, daxil olan şikayətlərlə əlaqədar operativ tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq, daxil olan yazılı müraciətlərin (poçt vasitəsi ilə göndərilən və ya bilavasitə təqdim edilən) sayının azalmasına, bununla da qismən maliyyə xərclərinə və əməkdaşların əlavə vaxt itkisinə qənaət edilməsinə imkan yaradacaqdır. Nəticədə, bu cür fəaliyyət göstərən müraciət xidməti şəffaflığı, həmçinin hökümət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıracaq.
Sakinlərin Müraciət Xidməti vasitəsilə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əhali arasında əlaqələri möhkəmlənəcək, müraciət edənlər həm məlumat almaq imkanı, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edəcək, İcra hakimiyyətində Sakinlərin Müraciət Xidməti sisteminin fəaliyyəti rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artıracaq, mübahisələrin həllində və əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət hisslərinin yaradılmasına səbəb olacaq.
 

Keçidlər