Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

24 fevral 2013 | 11:00

2013-cü il fevralın 22-də Binəqədi Rayon İcra Hakimiyyəti və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Binəqədi rayon filialı ilə birgə “Xocalı harayı” adlı tədbir keçirildi.
Tədbirdə Xocalı sakinləri, ictimai birliklərin nümayəndələri, müəllim və şagirdlər iştirak edirdi.  Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Xocalı Tanıtma ictimai birliyinin rayon filialının sədri Ayna Novruzova “Xocalı-tarixin qanlı sahifəsi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecənin bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edilməklə azərbaycanlılara qarşı soyqırımı aktının törədildiyini və cəmi bir neçə saat ərzində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini bir daha yada salındı.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox soydaşımızın öz yaşayış məskənlərindən didərgin düşdüyünü, minlərlə insanın isə həlak olduğunu  qeyd etdi.
Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsil siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etdi. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun  xüsusi xidmətləri olduğu diqqətə çatdırıldı.
YAP Binəqədi Rayon Təşkilatının sədri Nəbi Xəlilov, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və digərlərinin çıxışlarında da insanlığa qarşı yönələn erməni qəddarlığından danışdılar.
Tədbirdə Xocalı soyqırımını əks etdirən film və 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış “Xocalı harayı” adlı kompazisiya təqdim edildi. 
Tədbir iştirakçılarına Xocalı faciəsini əks etdirən “Xocalı harayı” adlı kitab paylanıldı.

Keçidlər