Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə iştirakçıları və şəhid ailələrinin qayğılarına diqqətlə yanaşılır

21 iyun 2013 | 10:00

Azərbaycan Respublikası “Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "Regionlarda şəhid Milli Qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsində və mənzillə təmin edilməsində yaranmış problemlərin həllinə" ictimai dəstək layihəsi çərçivəsində Binəqədi rayonunda Milli Qəhrəmanların, ailə üzvlərinin, şəhid ailələrinin və rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirildi.
     Tədbiri giriş şözü ilə açan Birliyin sədri Elşən Uluxanlı layihə haqqında məlumat verərək bildirdi ki, birinci Qarabağ döyüşləri zamanı torpaqlarımızın ərazi bütövlüyünü müdafiə edən ümumilikdə 211 nəfər Azərbaycanın “Milli Qəhrəman”ı adına layiq görülmüşlər. Birlik sədri qeyd etdi ki, bu layihəni həyata keçirməsində əsas məqsəd şəhid Milli Qəhrəmanlarımızın adını daşıyan küçələrdə onların adları və Azərbaycanın Milli Qəhrəmanı yazılmış löhvələrin hazırlanaraq binalara vurulmasını təmin etmək, Milli Qəhrəmanlar və onların ailələrinin mənzillə təmin edilməsi və digər probləmlərinin həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırmaqdan ibarətdir. O, xüsusi qeyd etdi ki, Binəqədi rayonunda bu qəbildən olan sakinlərin problemlərinə Rayon İcra Hakimiyyəti xüsusi diqqətlə yanaşır.
      Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov çıxış edərək bildirdi ki, dövlətimizin ərazi bütövlüyü uğrunda canını fəda edən igid oğul və qızlarımızın həyatı gənc nəsil üçün örnək olmalı, Milli Qəhrəmanlarımız, şəhidlərimiz ictimaiyyətə, xüsusən də gənclərə tanıdılmalıdır. A.Eyvazov qeyd etdi ki, Milli Qəhrəman və şəhid ailələri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman diqqət və qayğısı ilə əhatə olunmuşlar.  Eyni zamanda, Binəqədi rayonunda da Rayon İcra Hakimiyyəti bu məsələləri daim diqqətdə saxlayır, onların problemlərinin operativ həll olunması üçün tədbirlər görür.
     Tədbirdə digər çıxış edənlər- “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, şəhid ailəsi Rəna Xudiyeva, Binəqədi rayon Böyük Vətən Müharibəsi və Əmək Veteranları Şurasının sədri Telman Hətəmov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədr müavini Rüzgar Əliyev Milli Qəhrəmanlar haqqında tədbirlərin keçirilməsi, onların yad edilməsi, problemlərinin həll olunmasına köməklik göstərilməsinin önəmindən danışdılar.
      Sonda toplantı iştirakçıları adından dövlət başçısı cənab İlham Əliyevə qarşıdan gələn Prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət oxundu.

Keçidlər