Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncliyi İlham Əliyevin namizədliyini dəstəklədi

31 iyul 2013 | 10:00

İyul ayının 30-da “Gənclər üçün Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında “Binəqədi Gənclərinin İctimai Fəallığı” mövzusunda konfrans keçirildi.
Konfransa Binəqədi rayonundan olan fəal gənclərlə yanaşı, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş rayonun orta məktəb məzunları, xaricdə təhsil alan tələbələr də qatıldılar.
Təşkilatçıların dəvətilə tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq öz ehtiramlarını bildirdilər.
Konfransı giriş sözü ilə açan “Gənclər üçün Təhsil Mərkəzi”nin icraçı direktoru Fəxrəddin Həsənzadə  tədbirin keçirilməsinin əsas məqsədi ilə bağlı ümumi məlumat verdi.
Tədbir ictimai fəallığı və təhsildəki nailiyyətləri ilə seçilən rayon gənclərinin çıxışı ilə davam etdi. “Təkan tələbə - gənclər” ictimai birliyinin sədri Leyla Kərimova “Azərbaycanda gənclər siyasəti və gənclərin ictimai fəallığı”, dövlət xətti ilə Rumıniyada təhsil alan tələbə Cavid Qarayev “Azərbaycanda insan kapitalının inkişafı və gənclər”, gənc psixoloq Fuad Bayramov “Azərbaycançılıq ideologiyası və gənclər” mövzusunda çıxış etdilər.
Həmçinin, qəbul imtahanlarında birinci qrup üzrə ən yüksək nəticə göstərərək 695 bal toplamış Sevinc Qafarlı ilk dəfə səs verəcək gənc kimi təhsilə dövlət qayğısından danışaraq, bu qayğının gənclərin yeni-yeni uğurlar qazanması üçün stimul yaratdığını vurğuladı. Bu çıxışların ardınca gənc fəal Rəvanə Abdullayeva Binəqədi gəncləri adından qarşıdan gələn prezident seçkilərində Azərbaycanda sabitlik və inkişafın qarantı olan, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatı səsləndirdi.
Konfransın yekununda qonaqlar çıxış edərək gənclərin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirdilər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Binəqədi gənclərinin aktivliyini yüksək qiymətləndirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gənclərin fəallığını, onlara bütün sahələrdə yer verilməsini, gənclərin aktivliyini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqətdə saxladığını önə çəkərək, dövlət başçısının görüşlər zamanı bununla bağlı tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırdı və gənclərin ictimai fəallığının xüsusi önəm daşıdığını bildirərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransın təşkilini yüksək qiymətləndirərək belə tədbirin rayonlar arasında ilk dəfə Binəqədi rayonunda keçirildiyini bildirmiş və gənclər tərəfindən belə təşəbbüslərin digər rayonlarda da gerçəkləşəcəyinə ümidvar olduğunu vurğuladı.

Keçidlər