Binəqədi rayonunda qəsəbədaxili yollar yenidən qurulur
Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin 22 aprel 2013-cü il tarixili əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq, rayonun Xocəsən və Biləcəri qəsəbələri ərazisində qəsəbədaxili avtomobil yollarının yenidən qurulması işləri uğurla davam etdirilir.
Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xocəsən və Biləcəri qəsəbələrində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Qəsəbələrin ərazisində əsas magistrallara çıxan daxili yollara yeni asfalt örtüyü salınır. Eyni zamanda, bu yaşayış sahələrinin ərazilərindəki mövcud torpaq əsaslı yollar da asfaltlanır. Aparılan yenidənqurma işləri nəticəsində qəsəbələrdəki mövcud yollar xeyli genişləndirilir. Yenidənqurma işləri nəticəsində yol yatağının sıradan çıxan hissələri də əsaslı surətdə tikilir. Qeyd edək ki, qəsəbədaxili yollarda asfaltlanmadan öncə ilkin mərhələdə qum-çınqıl qarışığından istifadə olunmaqla torpaq bərkitmə işləri görülür. Sonrakı mərhələdə isə hazır əraziyə asfalt örtüyü çəkilir. Yol tikintisinin sürətlə və keyfiyyətlə aparmaq məqsədilə icraçı şirkət tərəfindən əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb olunub. Hazırda Xocasən və Biləcəri qəsəbələrində ümumilikdə 12 min 200 kvadrat metr daxili yola asfalt örtüyü döşənib. Daha 12 min 800 kavadrat metr yola asfalt örtüyü salınacaq.Sakinlər də öz növbəsində Xocasən və Biləcəri qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ağayar Məmmədov-Xocəsən qəsəbə sakini-Bu gördüyünüz yerlər çox bərbad halda idi. Sağ olsun bizim prezidentimiz ki, bu yerlərə pul ayırıb və burda asfalt salınır. Demək olar ki, əsas küçələrdə artıq asfalt salınıb, salınmaqda da davam edir. Bu gözəlliyi bizə bəxş edən bizim prezidentimizdir. Bunlar hamısı bizim cənab prezidentimizin göstərişi əsasındadır. Mən yenə də bir daha dönə-dönə minnətdarlıq edirəm cənab prezidentimizə ağsaqqallar adından, kənd sakinləri adından.
Kamal Əhmədov-Xocəsən qəsəbə sakini- Xocəsən qəsəbəsində yollar bərbad idi. Cənab prezidentimizin sayəsində bu yollar çox gözəl təmir olunur. Küçələrlə birgə bizim şəraitimizdə, yaşayış səviyyəmizdə yüksəlir. Biz çox razıyıq prezidentimizdən, dövlətimizdən olduqca razıyıq.
Gözəlxanım Məmmədova-Biləcəri qəsəbə sakini- 46 ildir mən bu məhəllədə yaşayıram. Burda hələ bu vaxta qədər nə kanalizasiya xətti olmayıb, nə küçəmizdə asfalt olmayıb. İndi küçəmizə kanalizasiya xətti də çəkilib, asfalt da verilir. Sağ olsun, buna görə mən ölkə başçımıza çox minnətdaram. Ona təşəkkür edirəm ki, bizim yollarımızı bərbad vəziyyətdən yaxşı vəziyyətə salıb.
Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələri ərazisində 23 min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması işləri Dövlət başçısının 22 aprel 2013-cü il tarixili əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq 2013-cü il dövlət büdcəsindən Binəqədi rayon İcra Hakimiyyətinə ayrılan 2 milyon manat vəsait hesabına həyata keçirilir.