Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədinin fəal gənclərinin Qəbələyə ekskursiyası təşkil olundu

19 avqust 2013 | 10:00

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas istiqamətlərindən biri də gənclərin asudə vaxtlarının səmərəli təşkilidir. YAP Gənclər Birliyinin Binəqədi rayon təşkilatı bir qrup fəal gənc üçün Qəbələ rayonuna ekskursiya təşkil edib.
Bir günlük səfər çərçivəsində Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən bir qrup istedadlı və yaradıcı tələbə-gənc Azərbaycanın dilbər guşələrindən olan Qəbələnin turizm əhəmiyyətli yerləri ilə tanış oldular. Səfərdə məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların bir-birini tanıması və fikir mübadiləsi aparmasına şərait yaratmaq, eyni zamanda gənclərimizi yerli turizmin təbliğatçısına çevirməkdir. Bu səfər həqiqətən də gənclərin həyatında silinməz iz buraxdı. Gənclər çətin keçilən dərə və meşələrdə ekstremal vəziyyətlərlə də qarşılaşdılar. Daha sonra gənclər Qəbələ şəhərindən 3 kilometr şərqdə, Nohurqışlaq kəndi yaxınlığında sıx meşələrin və dağların əhatəsində yerləşən Nohur gölünün sahilində fəaliyyət göstərən istirahət zonasına gəldilər. Təbiətin füsunkar gözəlliyi gənclərdə xoş ovqat yaratdı. Tələbə-gənclər burada müxtəlif idman və intellektual oyunlar, eləcə də diskussiyalar təşkil etdilər.
Gənclər Qəbələ şəhərindəki “Qəbələnd” əyləncə mərkəzində də oldular. Əyləncə və təbiətin vəhdətini təşkil edən bu məkandakı müxtəlif əyləncə və oyun atraksionları gənclərin istirahətini daha da maraqlı etdi.
Bu cür ekskursiyaların təşkili gənclərin dünya görüşünün formalaşmasında, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilində çox böyük rol oynayır.

Keçidlər