Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali təhsil aldığı universitetə qəbul olunmuş Binəqədi məzunu ilə görüşdü

22 avqust 2013 | 10:00

Ali məktəblərə keçirilən bu ilin qəbul imtahanlarında  Binəqədi rayonundakı orta məktəb məzunlarından yüksək nailiyyətlərə imza atan  gənclər olub. Onlar arasında nəinki ölkəmizin ali təhsil ocaqlarına, hətta xarici ölkələrin ali məktəblərinə daxil olanlar da vardır. Belə binəqədili gənclərdən biri də dünyanın nüfuzlu ali məktəbləri sırasına daxil olan Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi adını qazanmış Murad Azər oğlu Məmmədovdur. Həmin ali məktəbin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olan M.Məmmədov Binəqədi rayonundakı T.Heybətov adına 126 nömrəli orta məktəbi bitirib. O, bu ilin may ayının 29-da keçirilən test imtahanlarında rus bölməsində II ixtisas qrupu üzrə respublikada ən yüksək nəticələrdən birini göstərərək 677 bal toplayıb.
M.Məmmədovun ali məktəbə qəbulunu fərqləndirən əsas cəhət həmin ali məktəbdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil alması və orada pedaqoji fəaliyyət göstərməsidir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tələbə adını qazanmış Murad Məmmədovu, onun valideynlərini, bitirdiyi orta məktəbin direktorunu qəbul etdi. Muradı, onun valideynlərini və müəllimlərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı belə nüfuzlu ali məktəbə qəbul olmağı bir gəncin həyatında ən əlamətdar hadisə kimi qiymətləndirdi. X.İsgəndərov həmçinin vurğuladı ki, dövlətimizin başçısı cənab İlham Əliyevin məzunu olduğu və çalışdığı ali məktəbin tələbəsi olmaq ikiqat sevindiricidir, eyni zamanda Muradın üzərinə əlavə məsuliyyət qoyur. X.İsgəndərov təhsilə hərtərəfli qayğı göstərən, gənclərin xaricdə təhsil almasına güclü dəstək verən Azərbaycan Respublikası Prezidentinin etimadını doğrultmağın, xaricdə təhsil aldığı müddətdə Azərbaycanın adını uca tutmağın, öz biliyi, bacarığı və çalışqanlığı ilə ölkəmizi layiqincə təmsil etməyin  vətəninə və dövlətinə sadiq hər bir azərbaycanlı gəncin ən ümdə vəzifəsi olduğuna toxunaraq gənc Murada öz tövsiyələrini verdi. Rayon İcra Hakimiyyətinin başçısı rayondan ali məktəblərə qəbul olan məzunlarla sentyabr ayında görüşəcəyini deyərək sadəcə Murad Məmmədovla indi görüşməsinin gəncin həftəsonu Rusiya Federasiyasına getməsi ilə əlaqədar olduğunu bildirdi.

Keçidlər