İspan qonaqları Binəqədi rayonunda
Azərbaycan Tələbələr Birliyinin dəvəti ilə Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində Bakıda səfərdə olmuş İspaniyanın Qalitsia regionunun Əmək Nazirliyinin könüllüləri, gənclərlə iş departamentinin əməkdaşı Jose Manuel Neira və İspaniyada Şəhər Şurasının sosial xidmətlər, mədəniyyət, təhsil, gənclər üzrə məsul üzvü Alisiya Vayt gələn ilin yanvar ayında Bakıda keçiriləcək gənclərin işsizliyi ilə bağlı tədbirin hazırlıqları ilə əlaqədar görüşlər keçirdilər. Səfər çərçivəsində onlar dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdülər, həmçinin, Bakının Binəqədi rayonunda oldular.
Qonaqlar yeni istifadəyə verilmiş Heydər Əliyev adına istirahət parkında oldular və burada Ulu Öndərin abidəsini ziyarət etdilər. Parkda aparılmış müasir, zövqlü abadlıq və yaşıllaşdırma işləri ilə bağlı öz müsbət təəssüratlarını bölüşən əcnəbi qonaqlar burada Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binaları ilə də tanış oldular. Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti – 1646 ilə tanış olan qonaqlar idarəetmədə yenilik olan bu xidmətə xüsusi maraq göstərdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Aqil Eyvazov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon, onun sosial-iqtisadi inkişafı, Binəqədidə aparılan gənclər işi haqqında qonaqlara ətraflı məlumatlar verərək onların suallarını cavablandırdılar.