Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi sahibkarları” İctimai Birliyinin təqdimatı oldu

16 sentyabr 2013 | 10:00

14 sentyabr 2013-cü il tarixdə Binəqədi rayonunda “Binəqədi Sahibkarları” İctimai Birliyin təqdimatı keçirildi.
Tədbirdə 100-dək sahibkar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Birliyin sədri Yusif Ağayev qeyd etdi ki, təşkilatın yaradılmasında əsas məqsəd Binəqədi rayonunda sahibkarlığın inkişafına kömək edilməsi, fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması, koordinasiya edilməsi, rayonda işgüzar mühitin yaxşılaşmasına, məşğulluğun artırılmasına töhfə verilməsi, bu sahədə problemlərin həllinə yardım göstərilməsidir.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlətin sahibkarlara dəstək və qayğısından danışdı, Azərbaycanda sahibkarlığın sürətlə inkişaf etdiyini vurğuladı.  X.İsgəndərov ictimai birliyin gələcək fəaliyyətinə uğurlar arzulayaraq Rayon İcra Hakimiyyətinin Binəqədi sahibkarlarına səlahiyyətləri çərçivəsində hər cür dəstək verilməsinə hazır olduğunu bildirdi.
Daha sonra sahibkarlar çıxış edərək, “Binəqədi sahibkarları” İctimai Birliyinin yaradılmasını müsbət qiymətləndirdilər, gələcək fəaliyyətində uğurlar arzuladılar, özlərinin fikir və təkliflərini bildirdilər.
Tədbirin sonunda Y.Ağayev çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova birliyin fəaliyyətinə verdiyi dəstəyə  görə təşəkkür etdi, İctimai Birliyin Aparatının formalaşması və səmərəli fəaliyyət göstərməsi üçün bütün sahibkarları aktiv iştirak etməyə çağırdı.

Keçidlər