Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etdi

01 oktyabr 2013 | 10:00

30 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev paytaxtın Binəqədi rayonunda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı mərasimdə iştirak etdi.
Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlayıb. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən edib. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşuldu.
Bununla yanaşı, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. 2008-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair” Dövlət Proqramı çərçivəsində milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binası da bu sırada mühüm yer tutur.
Baş prokuror Zakir Qaralov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçısına məlumat verən baş prokuror Zakir Qaralov bildirdi ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının inşasına 2010-cu ilin avqustunda başlanılıb və tikinti işləri uğurla başa çatdırılıb. Bununla yanaşı, ərazidəki digər binalarda yenidənqurma işləri aparılıb, ətrafda yaşayan insanların istirahətinin təşkili məqsədi ilə yeni park salınıb, yaşıllıq zolaqları genişləndirilib, fəvvarələr quraşdırılıb.
Yeni binada yaradılan şəraitlə tanışlıq zamanı qeyd olundu ki, burada müxtəlif rəssamların əl işlərindən ibarət əsərlər nümayiş olunur. Birinci mərtəbədə müasir Azərbaycanı tərənnüm edən, paytaxtımızın rəmzinə çevrilən memarlıq nümunələrinin əks olunduğu böyük mozaik pannolar vurulub. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub, korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ hüquqi-aktlar, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, prokurorluğun inkişafını əks etdirən sənədlərdən ibarət guşələr yaradılıb.
Dövlət başçısına məlumat verildi ki, ölkəmizdə gedən inkişaf prosesləri məhkəmə-hüquq islahatlarının dərinləşməsinə, hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan verir. Bu sırada Gəncə, Xızı, Samux, Qusar, Quba, Zaqatala, paytaxtın Yasamal və Sabunçu rayon hərbi prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, çoxsaylı rayon prokurorluqlarının binaları əsaslı təmir olunub.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş konfrans zalında idarə əməkdaşlarının Baş Prokurorluğun iclaslarına, müşavirələrinə birbaşa qoşulmaları və videokonfransların keçirilməsi üçün hər cür imkan vardır. Bu zal müxtəlif treninq, seminar və beynəlxalq tədbirlərin keçirilməsi üçün də məqbuldur. Müasir hüquq ədəbiyyatı, müxtəlif metodiki tövsiyələr, normativ-hüquqi aktlarla zənginləşdirilmiş kitabxananın digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışı təmin edilib. Burada əməliyyatların idarə edilməsi mərkəzi yaradılıb. Mərkəzdə korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən hazırlanaraq həyata keçirilən əməliyyat tədbirlərinin birbaşa rejimdə idarə edilməsi mümkündür.
Dövlət başçısı “Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış oldu. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədi ilə yaradılan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Artıq daxil olan zənglərin görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı ilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.
Prezident İlham Əliyev daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədi ilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış oldu.
Kriminalistika otağında müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər quraşdırılıb.
Dindirmə otaqlarında zərərçəkmiş, şahid və cinayət prosesinin digər iştirakçılarının iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb, otaqlar zəruri avadanlıqla, texniki vasitələrlə təchiz edilib. Bundan əlavə, binada vətəndaşların qəbul otağı yaradılıb və müasir informasiya-kommunikasiya qurğuları quraşdırılıb. Burada müraciətlərə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair əmr, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları olan lövhələr vardır. Vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədi ilə müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat köşkü qoyulub. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb. Təhlükəsizliyin etibarlı təmini məqsədi ilə müasir tipli təhlükəsizlik kamerası, metalaşkarlayıcısı elektron və çantayoxlayan rentgen qurğuları, turniketlər istifadəyə verilib.
Mühafizə otağı, arxiv, dəftərxana xidməti də müasir tələblər səviyyəsində qurulmuşdur. Əməkdaşlar üçün hər cür şəraiti olan yeməkxana istifadəyə verilib.
Binada 80 yerlik avtodayanacaq inşa olunub.
Prezident İlham Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istifadəsində olacaq xüsusi avtomobillərə də baxdı. Qeyd olundu ki, xüsusi avadanlıqla təchiz olunan kriminalistik avtomobillərdə istintaq və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivi ilə görüşdü.


Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər