Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı partiyanın yaranmasının 20-ci ildönümünü qeyd etdi
2012-ci il noyabrın 7-də Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri qoydular. Eyni zamanda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi anıldı.
Daha sonra tədbir Yeganə şadlıq sarayının “Şah” zalında davam etdirildi.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri N.Xəlilov açaraq partiyanın keçdiyi tarixi yol haqqında söhbət açdı. Ölkəmizin bugünki inkişafında partiyanın gördüyü böyük işlərin əhəmiyyəti vurğuladı.
Sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov və Millət vəkili Musa Quliyev Ümummilli lider Heydər Əliyevin partiyanın yaratmaq istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verdilər. Çətin tarixi dövrdə əsası qoyulan partiyanın bugün əldə etdiyi uğurları yüksək qiymətləndirdilər.
Daha sonra cıxış edən – Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün də öz bəhrəsini verdiyini, onun cəsarəti və qətiyyəti ilə reallaşmış qlobal layihələrin xalqımızın rifahına xidmət etməklə yanaşı, bölgədə təhlükəsizliyin təminatçısına çevrildiyini xüsusi vurğuladı. Əsası Ulu Öndər tərəfindən qoyulmuş strategiyanın bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Tədbirdə bir qrup partiya fəallarına fəxri fərmanlar, partiya üzvülüyünə yeni qəbul olunan gənclərə partiya vəsiqələri təqdim edildi.
Tədbirdə həmçinin millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədov rayon təşkilatının partiya fəalları və Binəqədi rayon hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər.
Rəsmi hissə bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirildi.