Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə əlaqədar mətbuat konfransı keçirildi
22 noyabr 2012-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə əlaqədar mətbuat konfransı keçirildi.
Əvvəlcə mətbuat işçilərinə rayonda görülən işlər nümayiş etdirildi.
Daha sonra mətbuat konfransı Rayon İcra Hakimiyyətində davam etdirildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov hesabat dövrü ərzində rayonun inzibati ərazi nümayəndəliklərində, həmçinin rayon sakinlərinin sıx toplaşdıqları yerlərdə Təbliğat Qrupu tərəfindən 37 görüş keçirildiyini, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”da və həmin proqrama əlavələrdə Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulduğunu və bunların 11-nin icrasının 2011-ci ilə, 26-nın icrasının 2012-ci ilə, 65-nin icrasının isə 2013-cü ilə planlaşdırıldığını bildirdi.
Azərbaycan Respublikasının Regionlarının “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”-nın icrası istiqamətində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.
Binəqədi rayonunun qəsəbələrində, mikrorayonlarında və digər yaşayış məntəqələrindəki binaların həyətlərində nümunəvi, abad məhəllə layihəsi çərçivəsində geniş abadlıq-quruculuq işləri aparılır.
Son 10 ay ərzində rayonun əksər binalarının üz örtüklərində müasir dizaynlı üzlük materialları ilə pəncərə bloklarının quraşdırılması işləri davam etdirilir. Qəsəbədaxili və məhəllədaxili yolların cari və əsaslı təmir işləri də əsas yerlərdən birini tutur. Artıq Binəqədi qəsəbəsində su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılıb.
2012-ci ilin on ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 3511 müraciət daxil olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 1564 vətəndaş qəbul edilmişdir.
Binəqədi rayonunda tezliklə elektron idarəetmənin yaradılacağını bildirən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov artıq rayonun idarələri arasında elektron sənəd dövriyyəsinə başlanıldığını, ikinci mərhələ kimi isə rayonun elektron xəritəsinin hazırlandığını qeyd etdi. Bu tədbirlərdən sonra rayon təsərrüfatının elektron xəritə ilə nəzarətinin mümkün olacağını bildirdi. O, həmçinin, Rayon İcra Hakimiyyətində vətəndaşların videoqəbul məsələsinin reallaşdırılması istiqamətində layihəyə start veriləcəyini söylədi.