7-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüş keçirildi
23 noyabr 2012-ci il tarixdə 7-ci mikrorayon, S.S.Axundov küçəsi 4a saylı binanın qarşısında yerləşən “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun S.S.Axundov küçəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri və 135 nəfər sakin iştirak edirdi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi. Mikrorayon sakinlərindən – Nazim Qəmbərov, Eldar Əsgərov, Ramazan Abbasov, Qabil Həşimov, Lətif Cəfərov, Fariz Həsənov və başqaları çıxış edərək mikrorayon və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.