Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
2012-ci il dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə FHN-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissədə bayram tədbiri keçirildi.
Tədbirə dəvət olunan qonaqlar öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Sonra Heydər Əliyev muzeyi ilə tanış olan tədbir iştirakçılarına muzey haqqında ətraflı məlumat verildi. Muzeydə ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən stendlərə tamaşa edildi.
Muzeylə tanışlıqdan sonra rəsmi hissə başladı. Tədbiri giriş sözü ilə açan Hərbi hissə komandirinin müavini polkovnik leytenant Zabit Əliyev tədbir iştirakçılarını salamladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının dövlətimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və nazirliyin çox az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq fövqəladə halların qarşısının alınması istiqamətində böyük uğurlara imza atdığını qeyd etdi.
Sonra Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov fövqəladə halların qarşısının alınmasında xidməti olan əsgər və zabitlərin mükafatlandırdı.
Tədbirə tanınmış estrada ulduzlarının iştirakı ilə təşkil olunmuş bayram konserti ilə yekun vuruldu.