Sahibkarlığa Kömək Milli Fondu Xocasən qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirdi
2012-ci il dekabrın 26-da Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 313 saylı orta məktəbin akt zalında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirdi.
Tədbirdə 100-ə yaxın sahibkar iştirak edirdi. Tədbir çərçivəsində Binəqədi rayonunun, o cümlədən Xocasən qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir ət kəsimi, kiçik çörək istehsalı, tikiş və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi Binəqədi rayonunda da abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etdi.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayaraq, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Binəqədi rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Eyvazov çıxış edərək rayonda sahibkarlığın inkişafının vəziyyəti, görülən işlər və perspektiv istiqamətlər haqqında məruzə etdi.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2012-ci il ərzində Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verdi.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 3 milyon manatadək güzəştli kredit verildi. Bu kreditlər hesabına 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.