04 noyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda şəhid “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Şəhidlik- Vətənpərvərliyin ən ali məqamıdır! Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar!
04 noyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda şəhid “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov, millət vəkili Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin. bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, dövlətimiz Ali Baş Komandan cənab İlham Əliyevin otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ayağa qalxan, sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsinin qəhrəmanlarını ehtiramla anır. Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, Vətən şəhidlərinin hər birinin ruhu qarşısında baş əyirik.
Millət vəkili Azay Quliyev və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışlarında vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışdılar. Bildirdilər ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belə də olacaqdır. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdilər.
Anım tədbirində “İdrak” liseyinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndi, döyüş yoldaşları şəhid Ruslan Tağıyevin haqqında xatirələrini bölüşdülər.
Anım tədbirində xatirələrini bölüşən şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!