Şriftin ölçüsü :

Saytın rəngi :

04 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi İmran Əli oğlu Əliyevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

04 oktyabr 2022 | 16:00

Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalsa da, məhz Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində dövlətçilik irsini və müstəqilliyini qoruyub saxlaya bilib. Bu mübarizələrdə xalqımız neçə-neçə igid övladını Vətən uğrunda qurban verib. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

04 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi İmran Əli oğlu Əliyevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın kollektivi, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.

Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, “illər ötəcək, nəsillər dəyişəcək, ancaq Vətən müharibəsi şəhidlərinin vətənpərvərliyi və qəhrəmanlıqları daim xalqımızın qəlbində yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır. Biz şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyərək, onların əziz xatirələrini hər zaman hörmətlə anacağıq. Unutmamalıyıq ki, bu gün üzərində yaşadığımız torpağı ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik qabiliyyəti və qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin vətənpərvərliyi, şəhidlərimizin öz canlarını, qazilərimizin sağlamlıqlarını Vətən uğrunda qurban verməsi sayəsində qoruyub saxlamışıq".

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirdi ki, “Xalq tərəfindən qərinələr, əsrlər keçsə belə, əsla unudulmayan qəhrəmanlardır Şəhidlər. Tarix boyu millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və onun uğrunda şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır Şəhidlər. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur və heç bir zaman unudulmayacaqdır”.

Şəhidimizin həyat və döyüş yolundan söhbət açan valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!

Keçidlər