05 oktyabr 2022-ci il tarixində Binəqədi Rayonu Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində Vətən müharibəsi şəhidləri - Əli Nadir oğlu Bayramov və Ayhan Akif oğlu Haqverdiyevin şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilərək tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Onlardan bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə də belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar.
05 oktyabr 2022-ci il tarixində Binəqədi Rayonu Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində Vətən müharibəsi şəhidləri - Əli Nadir oğlu Bayramov və Ayhan Akif oğlu Haqverdiyevin şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın kollektivi, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, “2020-ci ilin 27 sentyabr tarixində başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində erməni işğalçılarnı ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa ediblər. Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla bəlkə də yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq. Böyük Zəfəri və Böyük Qələbəni xalqımıza bəxş edən şəhidlərimizi ən səmimi, ən ülvi duyğularla yad edirik"
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirdi ki, “Hər bir azərbaycanlının qəlbindəki torpaq həsrətinə Azərbaycan əsgəri addım-addım son qoydu. Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Bu günə qədər Vətən müdafiəçisi qardaşlarımız bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyub, onun uğrunda canını da qurban etməkdən qorxmayıb. Bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz! ”.
Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!