Şriftin ölçüsü :

Saytın rəngi :

07 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Samir Adışirin oğlu Paşayevin doğum günü ilə bağlı Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində məzarı ziyarət olundu.

07 oktyabr 2022 | 19:00

Şəhidlər milli qürür mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş taçıdır. Şəhidlik eyni zamanda, vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etmək deməkdir. Şəhidlik könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Şəhidlik elə bir zirvədir ki, heç də hər kəs bu Zirvəyə ucala, yüksələ bilmir.

07 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi- Samir Adışirin oğlu Paşayevin doğum günü ilə bağlı Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində məzarı ziyarət olundu.

Ziyarətdə şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov iştirak etdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova sentyabrın 27-dən başlanan və Şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirdi.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Samir Paşayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Cənnətdəki doğum günün mübarək, igid Qəhrəmanımız!

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər