Şriftin ölçüsü :

Saytın rəngi :

07 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidləri Sübhan Mahir oğlu Abdurahmanlının və Elgün Elman oğlu Əzizovun şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimləri qeyd edildi.

07 oktyabr 2022 | 16:11

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Ona görə də şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür, Vətənə can fəda etməkdir. Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir Şəhidlik. Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq, əsla unudulmayan insanlardır şəhidlər. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır Şəhidlər. Ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır Şəhidlər.

07 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Sübhan Mahir oğlu Abdurahmanlının II Fəxri Xiyabanda və Elgün Elman oğlu Əzizovun ailəsinin yaşadığı ünvanda şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimləri qeyd edildi.

Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, Bələdiyyə sədri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və rayon ictimaiyyəti iştirak etdilər.

Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqların azad edilməsi uğrunda aparılan haqq savaşında Şəhidlik zirvəsinə yüksələn igidlərimizin fədakarlıqları yaddaşlardan heç bir zaman silinməyəcək, qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanların xatirələri hər zaman qürur və ehtiramla yad ediləcək, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirası daima uca tutulacaqdır. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur."

Mərasimdə həmçinin çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov “müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağından, şəhid ailələrinə, qazilərimizə böyük ehtiramımızdan söhbət açdı və qeyd etdi ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi!”.

Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər