Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirildi
Fevralın 15-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirildi.
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri və qəsəbə üzrə nümayəndələr iştirak etdilər.
Tədbirdə rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə danışıldı, “Azərbaycan” qəzetində dərc edilmiş məqalə ətrafında müzakirələr aparıldı.
Müşavirəni Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açdı.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov məqalədə xüsusi diqqət yetirilməli məqamlar barəsində məruzə ilə, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov vətəndaş müraciətlərinə baxılması haqqında məlumatlarla çıxış etdilər.
Müşavirədə yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onların vətəndaş müraciətlərinə baxılan zaman “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə riayət edilməsini vurğuladı.
Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.