Binəqədi rayonunda millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirovun gənclərlə görüşü keçirildi
18 fevral 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirovun Yeni Azərbaycan Partiyasının (YAP) fəalları ilə görüşü keçirildi.
Görüşü giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq rayon təşkilatı tərəfindən həyata keçirilən layihələrdən və müxtəlif mövzuları əhatə edən maarifləndirici tədbirlərdən söhbət açaraq görüşün YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəallarının istək və arzusu ilə reallaşdırıldığını diqqətə çatdırdı. Ramiz Göyüşov ölkəmizin müxtəlif sahələrdə tanınmış şəxsiyyətləri, ictimai-siyasi xadimləri, millət vəkilləri ilə mütəmadi görüşlərin keçirildiyini və gənclər arasında geniş fikir mübadilələrinin aparılmasının əhəmiyyətini vurğuladı.
Görüşdə çıxış edən Elman Nəsirov dünyada baş verən münaqişələr, terror hadisələri, Suriya məsələsi, Türkiyə-Rusiya münasibətləri, Davos Forumu, iqtisadi böhranlar, Azərbaycanın ictimai-siyasi vəziyyəti, neftin qiymətinin kəskin ucuzlaşması, bunun fonunda ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, kənd təsərrüfatının inkişafı və s. mövzularda geniş çıxışlar etdi. O, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan danışaraq dünyada baş verən gərginliklərin fonunda ölkəmizin öz inkişaf göstəricilərini qoruyub-saxldığını və dövlətimiz tərəfindən bu istiqamətdə mühüm islahatların həyata keçirildiyini vurğuladı.
Elman Nəsirov həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk Qrupunun fəaliyyəti barədə danışdı və münaqişənin həlli üçün danışıqların davam etdirilməsini vacib hesab etdiyini bildirdi.
Görüşün sonunda millət vəkili Elman Nəsirov müxtəlif mövzular ətrafında gəncləri maraqlandıran sualları cavablandırdı.