“Özünü inkişaf etdir” fərdi layihəsinin yekun tədbiri keçirildi
19 fevral 2016-cı il tarixdə Bakı Humanitar Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, rayonun fəal gənci Qartal Budaqlının “Özünü inkişaf etdir” adlı fərdi layihəsi çərçivəsində beşinci təlim və layihənin bağlanış mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Humanitar Kollecinin Pedaqoji şöbəsinin müdiri Talıb Zülfiyev, təlimçi-Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, kollecin tələbələri iştirak etdilər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və şöbə müdiri Talıb Zülfiyev çıxış edərək ölkəmizdə uğurla icra olunan dövlət gənclər siyasətindən bəhs etdilər. Qeyd etdilər ki, ölkə başçısının gənclərə olan diqqət və qayğısı bu gün gənclərimiz üçün böyük stimuldur.
Bu cür layihələrin həyata keçirilməsinin gənclərin peşəkarlığının artırılmasında böyük rolu olduğunu vurğulayan natiqlər, bu baxımdan Gənclər Fondunun gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətinin danılmaz olduğunu bildirdilər.
Tədbir layihə iştirakçılarının sertifikatla təltif olunması ilə davam etdirildi.