Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

25 fevral 2016 | 11:00

        25 fevral tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.
Tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov,  Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak etdilər.
          İlk öncə tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Görüşdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bugünlər Azərbaycan xalqının 24 il əvvəl baş verən Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad etdiyini, bu məqsədlə ölkəmizdə və dünyada tədbirlərin keçirildiyini bildirdi. Onun fikrincə, bütün bunlar soyqırımın unudulmaması üçün atılan addımlardan biridir, eləcə də, Xocalı faciəsinin dünyaya təqdim edilməsi məqsədi daşıyır.
Əli Əhmədov təəssüflə qeyd etdi ki, dünya birliyi Xocalı faciəsinə layiqli hüquqi-siyasi qiymət verməyib. Bunun ikili standartların nəticəsi olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, ikili standartların olması, Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində qüvvələrimizi daha ciddi və qətiyyətlə səfərbər etməliyik.
          YAP Gənclər Birliyinin böyük bir ordu olduğunu deyən Əli Əhmədov bildirdi ki, partiyanın gəncləri soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində öz töhfələrini verirlər. O, gənclərə bu prosesdə daha da fəal olmağı tövsiyə etdi.
             Baş nazirin müavini qeyd etdi ki, dövlətimizin və xalqımızın qarşısında dayanan ən mühüm vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasını lazımi səviyyədə yerinə yetirmir. Ona görə də, Azərbaycan cəmiyyətinin həmsədrlərin fəaliyyətinə inamı əhəmiyyətli dərəcədə azalıb. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu deyən Əli Əhmədov danışıqlar prosesinin nəticə verməyəcəyi təqdirdə ordumuzun bu missiyanı yerinə yetirəcəyini diqqətə çatdırdı. O, qeyd etdiki, Prezident İlham Əliyevin siyasəti nəticəsində ordumuz xeyli güclənib, Azərbaycan inkişaf baxımından işğalçı Ermənistanı müqayisəolunmaz dərəcədə üstələyir.
        Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərək gənclərə tövsiyələrini verdilər.

 

Keçidlər