Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Atıcılıq Mərkəzində gənclər arasında stend atıçılığı üzrə rayon birinciliyi keçirildi

01 mart 2016 | 11:00

Martın 1-də Bakı Atıcılıq Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi  rayon təşkilatı  və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında stend atıçılığı üzrə rayon birinciliyi keçirildi.
Tədbir çərçivəsində rayonun fəal gəncləri ilə görüş də təşkil olundu.
Stend Atıcılığı üzrə rayon birinciliyinin keçirilməsində məqsəd gəncləri Bakı Atıcılıq Mərkəzi ilə tanış etmək, onlarla aparılan vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində işlərin səmərəsini artırmaqdır.
Stend atıcılığı sahəsində 5 komanda tərkibində ümumilikdə 25 gənc idmanın səngər stend atıcılığı növü üzrə yarışdılar. Binəqədi rayon rəhbərliyi, millət vəkilləri və gənclər təşkilatlarının rəsmiləri  yarışı izlədilər. Yarışın nəticəsinə əsasən ilk 3 yeri tutan qalib komandalar xatirə medalları və kubokla mükafatlandırıldılar.
Sonra rayon rəhbərliyi, qonaqlar və gənclər Bakı Atıcılıq Mərkəzində yaradılan şəraitlə tanış oldular. Avropada ən böyük atıcılıq komplekslərindən biri olan Bakı Atıcılıq Mərkəzinin istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradıb.
Daha sonra rayonun ictimai-mədəni həyatında fəal olan gənclərlə görüş keçirildi. Ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səmərəli dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və böyük əzmkarlıqla davam etdirildiyini vurğuladı. Xaləddin İsgəndərov rayonda gənclərlə iş sahəsindən, eləcə də  rayon gənclərinin son illər qazandıqları uğurlardan da bəhs etdi. Azərbaycanda gənclər üçün yaradılan yüksək şəraitə görə, onların  bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sağlamlığının müdafiəsi və möhkəmləndirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü layihələrə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Vurğulandı ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti artıq dünyada bir nümunə kimi qəbul olunur.
Görüşdə iştirak edən millət vəkilləri Kamaləddin Qafarov, Şahin İsmayılov, Bakı şəhəri üzrə Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Prezident Yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev  qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasəti artıq öz bəhrəsini verməkdədir. Qeyd olundu ki, belə müasir idman qurğularının istifadəyə verilməsi ölkəmizdə gənclərin idmana marağının artırılması və idmanın kütləvililiyinin təmin edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. Vurğulandı ki, hər bir gənc fəaliyyətində dövlətimizə, Vətənimizə sədaqətli olmalı, Azərbaycanın sabitliyi və inkişafının qarantı olan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisinə öz töhfəsini verməlidir.
Səmimi mühitdə keçən görüşdə çıxış edən gənclər respublikamızda aparılan uğurlu gənclər siyasətindən danışdılar və onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq etdilər. Gənclər öz növbələrində fəaliyyətləri ilə dövlətimizin eləcə də, Binəqədi rayonunun nüfuzunu daha da yüksəltməyə söz verdilər.
Görüşdən sonra gənclər Novruzun ikinci çərşənbəsi olan “od çərşənbəsi”ni qeyd etdilər. Gənclər tonqal ətrafında milli musiqilərimizin sədaları altında rəqs edərək əyləndilər.

Keçidlər