Novruz bayramı münasibətilə Binəqədi sakinlərinə təbrik
Hörmətli Binəqədi sakinləri!
Sizi xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, sağlamlıq və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Tarixən Novruz bayramı təbiətin oyanması, yeni ilin başlanması kimi tərənnüm olunmuş və xalqımızın adət ənənələrində və özünüdərk məfkurəsində xüsusi əhəmiyyət kəsb etmişdir. Təsadüfi deyildir ki, Novruz bayramı UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyev daim baharın gəlişinin simvolu olan Novruz bayramının yüksək əhval-ruhiyyədə qeyd edilməsinə xüsusi önəm vermiş və Novruzun dünya azərbaycanlılarını Azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirən vahid bir dəyər olduğunu bildirmişdir. Ulu öndər Heydər Əliyev Novruz bayramı haqqında demişdir: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır”.
Heydər Əliyev ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz növbəsində Novruzun yalnız baharın gəlişi, təbiətin oyanışını deyil, həm də milli-mənəvi saflığı, milli birliyimizi təcəssüm etdirən etnik mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıları Azərbaycançılıq məfkurəsi altında birləşdirməklə, multikultural dəyərlərə hörmət aşılayan bir ümumxalq bayramı olduğunu vurğulamışdır.
Hörmətli Binəqədi sakinləri!
Baharın gəlişi münasibətilə Sizi təbrik edir, Sizlərə firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirik. Xalqımızın həmrəylik rəmzi olan Novruz qoy hər evə xoş ovqat bəxş etsin, ruzi-bərəkət gətirsin.
Novruz bayramınız mübarək!
Novruz bayramının keçirilməsi üzrə Təşkilat Komitəsi.
Bakı şəhəri, 17 mart 2016-cı il