“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəbliləri Naxçıvana yola salındılar
Martın 16-da “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi.
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirildi ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 14 məktəbli iştirak edəcək.
Mərasimdə çıxış edənlər Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, “Sodrujestva” Cəmiyyətinin rayon şöbəsinin sədri Elmira Bayquzina, 284 nömrəli məktəbin direktoru Nizami Novruzov və digərləri “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Yola salma mərasimi konsert proqramı ilə davam etdi. Novruz bayramı ərəfəsinə təsadüf edən tədbirdə ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud yola salınan gənclərə öz xeyir-duasını verdi.
Bayram əhval-ruhiyyəsində keçən mərasimdə 138 saylı körpələr-evi uşaq bağçasının balaca sakinləri tərəfindən milli rəqslər və maraqlı kompazisiyalar təqdim olundu.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya binəqədili məktəblilər tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Aereportuna yola düşdülər.