“Multikulturalizmin ünvanı Azərbaycan” mövzusunda məlumat saatı keçirildi
17 mart 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən “Multikulturalizmin ünvanı Azərbaycan” mövzusuna həsr olunmuş növbəti məlumat saatı keçirildi.
Məlumat saatında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları və könüllü gəncləri, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdirləri və aparatın əməkdaşları iştirak etdilər.
Məlumat saatının birinci hissəsində YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı 3-17 mart 2016-cı il tarixlərində Azərbaycan prezidenti cənab İlham Əliyevin keçirdiyi görüşlər, qəbullar və iştirak etdiyi tədbirlər barədə ətraflı məlumat verdi. O, Azərbaycanın müxtəlif sahələrdə hərtərəfli inkşafının davam etdirilməsi, beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən görülən işləri, imzalanan bir sıra mühüm fərman, sərəncamları nəzərə çatdırdı.
Məlumat saatının ikinci hissəsində YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva “Multikulturalizmin Azərbaycan nümünəsi” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda mövcud multikultural vəziyyət, onun inkişafı istiqamətində görülən işlər və Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirləri diqqətə çatdırdı. O, ölkəmizdə müxtəlif xalqlara aid mədəniyyət və dini abidələrin qorunması, eləcə də erməni işğalı altında olan torpaqlarımızdakı mədəniyyət nümunələrinin dağıdılması haqda faktları vurğuladı. Tarixən ölkəmizdə mövcud olmuş və günümüzə qədər gəlib çatmış dini abidələrin bir hissəsinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edildiyini bildirdi.
Məlumat saatının ikinci hissəsinin davamında YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Rahil Şükürov “Azərbaycanda tolerant mühit” mövzusunda çıxış etdi. Azərbaycan Konstitusiyasında vətəndaşların dini etiqad azadlığı və tolerantlığın qorunub saxlanılmasını özündə ehtiva edən bir sıra məqamları açıqladı. İnsanların dini azadlığının ölkə qanunvericiliyi ilə təsbit olunduğunu qeyd etdi. Binqədi rayonunda multikulturalizm dəyərlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən bəhs etdi.
Bütün məruzələr slaydlar vasitəsilə tədbir iştirakçılarına çatdırıldı.
Məlumat saatı diskussiya ilə yekunlaşdı.