Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə yaradılan ilk “Bələdiyyə yarmarkası”nın açılışı və Novruz münasibətilə bayram şənliyi keçirildi

17 mart 2016 | 11:00

17 mart 2016-cı il tarixində Binəqədi rayonu ərazisində Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə yaradılan ilk “Bələdiyyə yarmarkası”nın açılışı və Novruz münasibətilə bayram şənliyi keçirildi.
Yaramarka Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin, rifah halının yaxşılaşmasına yönəlmiş qərar və tapşırıqlarına uyğun olaraq yaradılıb. Burada sakinlərə daha keyfiyyətli və daha ucuz kənd təsərrüfatı və emal müəssisələri məhsullarının satışı nəzərdə tutulur. Yeni, müasir, bütün standartlara cavab verən yarmarkada əhaliyə yüksək səviyyəli xidmət üçün hər cür şərait mövcuddur.
Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı tədbirdə çıxış edərək bildirdi ki, “Bələdiyyə yarmarkası”nın yaradılması Prezident İlham Əliyevin “2014-2018-ci illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Prqoramı”nın 1-ci ilinin yekunlarına dair müşavirədə qarşıya qoyduğu tələblərə əsasən həyata keçirilən bir addımdır. Layihənin icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda Dövlət başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri, idxaldan asılılıq qismən azalacaq. Diqqətə çatdırıldı ki, yeni xidmət sahələrinin yaradılması, daimi iş yerlərinin açılması, vətəndaş məmnunluğu bələdiyyənin bundan sonrakı fəaliyyətində də prioritet istiqamətlər olacaq. Əsas hədəf Dövlət başçısının dediyi kimi, xalqın xidmətində durmaqdır. Bu cür layihələr bələdiyyənin təkcə əmlak və torpaq vergisindən yox, digər xidmət sahələrindən də gəlir mənbələrinin olmasını təmin etmək, həmin gəlirləri də sakinlərin rifahı naminə xərcləmək üçün lazimi tədbirlərin görülməsinə imkan verəcək.
Digər çıxışlarda Binəqədi rayonunun inkişafına, onun sakinlərinə diqqət və qayğısına görə də ölkə rəhbərinə minnətdarlıq ifadə olundu.
Bayram tədbiri incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatdı.
Tədbirtdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi rayonunun digər bələdiyyə sədrləri iştirak etdilər.

Keçidlər