Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Novruz bayramı qeyd edildi

18 mart 2016 | 11:00

Martın 18-də ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Binəqədi rayonunda ümumrayon şənliyi keçirildi.
Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən ümumrayon Novruz şənliyində rayon rəhbərliyi, millət vəkilləri, Multikulturalizm Dövlət Müşavirliyi Xidmətinin əməkdaşları, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladılar.
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etdi.
Daha sonra rayon rəhbərliyi və qonaqlar Novruzun özənəməxsus xüsusiyyətlərini və  milli adət-ənələrimizi  əks etdirən eksponatlarla tanış oldular. Rayonun təhsil və mədəniyyət müəssisələri tərəfindən “Multikulturalizm ili” ilə əlaqədar hazırlanan nümunələr nümayiş olundu.
Bayram tədbirinin iştirakçıları Gədəbəyin Novosaratovka, İsmayıllı rayonunun İvanovka və Lahıc qəsəbələrindəın dəvət olunan müxtəlif icmalarla, həmçinin, müxtəlif ölkələrin və azsaylı xalqların milli mətbəxi və mədəniyyəti ilə tanış oldular.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik etdi. Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi sakinlər tərəfindən böyük maraqla qarşılandı. Belə ki, bayram tədbirində rayonun təhsil  və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirildi. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış etdilər. Cəngi sədaları altında kəndirbaz və gənc pəhləvanlar öz məharətlərini göstərdilər.
Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, uşaq bağçalarının balaca sakinləri tərəfindən təqdim olunan bayram əhval-ruhiyyəli səhnəciklər, Gədəbəyin Novosaratovka kəndinin “Sudaruşka” folklor ansamblı, İsmayıllının İvanovka kəndinin və  Lahıc qəsəbəsinin Xalq folklor kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Sonda rayonun ictimai-siyasi və mədənin həyatında fərqlənən bir qrup şəxs, eləcə də bayram şənliyinə müxtəlif rayonlardan dəvət olunun kollektivlər Fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

 

Keçidlər