Binəqədi Mərkəzi Mədəniyyət Evində "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş tədbir keçirildi
31 mart tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, pedaqogika üzrə fəlsəfə doktoru Həsən Bayramov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, bələdiyyə və qəsəbələr üzrə nümayəndələr və rayon ictimaiyyəti iştirak etdilər.
Anım tədbiri Binəqədi Mərkəzi Mədəniyyət Evinin inzibati binasının foyesində 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və pedaqogika üzrə fəlsəfə doktoru Həsən Bayramov çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdılar.
Çıxışlardan sonra “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının ifasında “Soyqırım tarixinin dastanı” adlı tamaşa nümayiş etdirildi.