Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılarla görüş keçirildi

31 mart 2016 | 11:00

1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) yaşayan azərbaycanlılara qarşı vəziyyət daha da dözülməz həddə çataraq onlara qarşı müxtəlif mənəvi, psixoloji terror həyata keçirilirdi.
Təəsüflər olsun ki, bu hadisələr zaman-zaman fiziki terrorla da əvəz olunurdu. Belə ki, rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Ermənilər azərbaycanlıları müxtəlif işgəncələrə məruz qoyurdular. Lakin 1988-ci ilin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftə ərzində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər. Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Bu, heç bir insanlığa sığmayan bir müsibət idi. Bu dəhşətli müsibətlər zamanı, 1988-1989-cu illərdə Qərbi Azərbaycanda 226 soydaşımız ermənilər tərəfindən öldürüldü, 400 nəfərdən çox soydaşımız isə ağır bədən xəsarətləri aldılar. Əhaliyə milyardlarla ABŞ dolları məbləğində maddi ziyan dəydi. 1988-ci ilə kimi Qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbristanlığı erməni tapdağı altında qaldı və həmin qəbristanlıqların əksəriyyəti yer üzündən silindi.
Tariximizə qara səhifələrlə yazılan bu tarixi yaşatmaq və gələcək nəsillərə çatdırmaq Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlətçilik siyasətinin tərkib hissəsi olaraq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız daim yüksək dövlət qayğısı ilə əhatə olunub.
Binəqədi rayonu da 1988-ci ildə Qərbi Azəbaycandan deportasiya olunmuş soydaşlarımızın ən çox məskunlaşdığı rayonlardan biridir. Bütün ölkə ərazisində olduğu kimi Binəqədi rayonunda deportasiyaya məruz qalmış soydaşlarımıza diqqət və qayğının göstərilməsi hər zaman prioritetlərdən biri olub. Məhz bu məqsədlə 31 mart 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında YAP tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə millət vəkili seçilmiş Kamaləddin Qafarovun deportasiya olunmuş çoxuşaqlı ailələrlə görüşü keçirildi.
Görüşdə çıxış edən Kamaləddin Qafarov tarixən erməni şovinistləri tərəfindən azərbaycanlıların başına gətirilən müsibətlərdən danışdı. Qeyd etdi ki, 1988-ci ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı həyata keçirilən amansız deportasiya erməni vəhşiliklərinin bariz nümunəsidir. Onun sözlərinə görə tarixi ata-baba yurdlarında, yəni Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların oradan deportasiya olunması heç bir insanlığa və beynəlxalq hüquq normalarına sığmır. Millət vəkili bu deportasiya nəticəsində yüzlərlə soydaşımızın qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını böyük kədər hissi ilə dilə gətirdi. Vurğulandı ki, azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya və müxtəlif qətliamlara məruz qalmasına baxmayaraq ötən müddət ərzində erməni şovinistlərinin sayı getdikcə azalmağa və demoqrafik vəziyyətləri kəskin aşağı düşməyə başlayıb. Lakin qürurvericidir ki, deportasiyaya məruz qalmış azərbaycanlıların sayı isə getdikcə çoxalır və onlar öz milli maraqlarının müdafiəsində yüksək qətiyyət nümayiş etdirirlər. Məhz təsadüfi deyil ki, gün deportasiyaya məruz qalmış həmin soydaşlarımızdan çoxuşaqlı ailələrlə görüş keçirilir. Millət vəkili həmçinin dövlət başçısı cənab İlham Əliyevin bu deportasiya ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq, bu fikirlərin böyük tarixi və siyasi əhəmiyyət daşıdığını diqqətə çatdırdı.
Görüşdə deportasiya olunmuş soydaşlarımızdan bir neçəsi çıxış edərək dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.
Sonda görüşdə iştirak edən soydaşlarımıza yardımlar göstərildi.

Keçidlər