Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində son günlər təmas xəttində baş verən hadisələrlə bağlı toplantı keçirildi

05 aprel 2016 | 11:00

5 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətində son günlər təmas xəttində baş verən hadisələrlə bağlı toplantı keçirildi.
Keçirilən toplantıda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov,  rayonun hüquq mühafizə orqanları, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri, ictimai birliklər, İctimai Şuranın üzvləri, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər, ASAN könüllüləri iştirak etdilər.
İlk öncə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov tədbiri giriş nitqi ilə açdı,  Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Şəhid anası  Pikə Əliyeva, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin fəalı, əsgər bacısı Nərgiz Qurbani çıxış edərək Azərbaycan ordusunun gücündən, dövlət başçımızın apardığı uğurlu siyasətdən söhbət açaraq torpaqlarımızın tezliklə azad olunacağını diqqətə çatdırdılar və bu gün burda keçirilən tədbirin yaxın zamanda Qarabağda keçirərək Azərbaycan bayrağını dalğalandıracaqlarını bildirdilər.
Sonra yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin hər dəfə öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğuladı, bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq dedi: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Natiq bildirdi ki, Azərbaycan ordusunun qüdrəti, düşmənə layiqli cavab verməsi bir daha sübut edir ki, Azərbaycan dövləti etibarlı əllərdədir. Eyni zamanda natiq çıxışında bildirdi ki,  insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu gün hər birimiz  həmrəy olaraq Qələbəyə gedən yolda ölkə başçımızın, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. 
Çıxışlardan sonra YAP Binəqədi rayon təşkilatının Biləcəri qəsəbə gənclər təşkilatının sədri , rayonun fəal gənci Sahib Hacızadə toplantı iştırakçıları adından Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə müraciəti səsləndirdi.
Daha sonra isə Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramovun ifasında hərbi–vətənpərvərlik mövzusunda şeir kompozisiyası səsləndirildi, hərbçilər, “Şahin” hərbi-idman oyunun iştirakçıları və rayonun gəncləri hərbi vətənpərvərlik mahnılarının sədaları altında böyük Azərbaycan bayrağını  açaraq, dalğalandırdılar.
Toplantı bitdikdən sonra YAP Binəqədi rayon təşkilatının qarşısında Yeni Azərbaycan Partiyasının gənc fəalları, ASAN könüllüləri, rayonun tələbə gəncləri əllərində Azərbaycan bayraqlarını dalğalandıraraq “Şəhidlər Ölməz”! “Vətən Bölünməz”! şüarlarını səsləndirərək dəstək aksiyası keçirdilər.

Keçidlər