Binəqədi rayonunda şəhid Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun dəfn mərasimi keçirildi
9 aprel tarixində Binəqədi rayonunda qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun dəfn mərasimi keçirildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Kamaləddin Qafarov və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq mühafizə orqanları, rayonun müəssisə və təşkilatları, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak etdilər.
Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirdi: “Vətən müqəddəsdir, Vətən anadır. Hamının ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu da Vətəndir. Necəki, Allaha, valideynlərimizə borcluyuq, həmçinin vətənə də borcumuz var. Şəhidimiz Fəxrəddin Qurbanlı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Mən onun ailəsinə, bütün xalqımıza başsağlığı verirəm, yaxınlarına Allahdan səbr diləyirəm.”
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən sənə canım fəda” şüarları səsləndirildi. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxundu, Allahdan rəhmət diləndi.
Vətənpərvər gənclərin izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola saldılar. Şəhidimiz Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırıldı.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin!