Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda şəhid Mirzəyev Mahir Sabir oğlunun dəfn mərasimi keçirildi

09 aprel 2016 | 11:00

Qoşunların təmas xəttində erməni təxribatı nəticəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən övladlarından biri də 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğludur. Aprelin 9-da torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş qəhrəman şəhidlə vida mərasimi keçirildi.
Biləcəri qəsəbəsində keçirilən mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Kamaləddin Qafarov, Madər Musayev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq mühafizə orqanları,  rayonun müəssisə və təşkilatları, şəhidin oxuduğu məktəbin kollektivi, rayon ağsaqqalları, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak etdilər.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirildi. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxundu, Allahdan rəhmət diləndi.
Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirdi ki, şəhid Mahir Mirzəyev Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidi son mənzilə yola salmağa gələn insanlar, xalqımızın milli ruhu, vətənpərvərlik duyğuları onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarını qısa zamanda işğaldan azad etməyə hazırdır.
Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola saldılar. Şəhid Mirzəyev Mahir Sabir oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırıldı.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər