Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 298 saylı tam orta məktəbdə şəhid İlqar Məmmədovun anım günü ilə əlaqədar tədbir keçirildi

08 aprel 2016 | 11:00

Hər il olduğu kimi, bu il də şəhid İlqar Məmmədovun doğum günü münasibətilə onun oxuduğu və hazırda igid döyüşçünün adını daşıyan Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli orta məktəbdə anım tədbiri keçirildi.
Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması naminə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında igidlik göstərmiş İlqar Məmmədov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu.
Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində İlqar Məmmədovun xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyaraq şəhidin ruhuna dualar oxudular.
Məktəbin direktoru Şərqiyyə Hüseynova şəhid İlqar Məmmədovun bu məktəbin yetirməsi olmasını iftixar hissi ilə qeyd etdi. Şəhid İ.Məmmədovun həyat yolundan, məktəbdə təhsil aldığı illərdə elmi biliklərə olan sonsuz həvəsindən, səmimiliyindən, mehribanlığından və cəbhədə göstərdiyi igidliklərdən söz açdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev şəhidin anasına və məktəbin pedaqoji kollektivinə İlqar Məmmədov kimi vətənpərvər oğul yetişdirdiklərinə görə təşəkkürünü bildirərək vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən şairə publisist  Nazirə Gültac, şəhidin sinif yoldaşı Arzu Xəlilova və əzizi Hacı Rza Mahmudov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən oğullarımızdan, şəhid ailələrinə göstərilən dövlət qayğısından, qələm adamlarımızın şəhidlər mövzusuna yaradıcılıqlarında xüsusi yer ayırmasından danışdılar.
Tədbirin yekununda məktəbin şagirdlərinin  ifasında  şəhid İlqar Məmmədova həsr olunmuş bədii kompozisiya təqdim olundu.

Keçidlər