Binəqədi rayonunda “Məktəbəqədər təhsilin genişləndirilməsi” mövzusunda seminar keçirildi
14 aprel tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında “Məktəbəqədər təhsilin genişləndirilməsi” mövzusunda seminar keçirildi.
Seminar UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin növbəti 5 il üçün məktəbəqədər təhsilə dair fəaliyyətlərinin genişləndirilməsi istiqamətində həyata keçirilir.
Keçirilən seminarda Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyin Təhsil şöbəsinin mütəxəssisi Afaq Abdinova, Beynəlxalq Məsləhətçi Yan van Reyvens, Milli Məsləhətçi Şərafət Şirinli, BRİH-nin təhsil və məktəbəqədər təhsil sahəsi üzrə kuratorları, rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, rayon məktəblərinin təhsil sahəsi üzrə müavinləri və Rayon Sosial Müdafiə Mərkəzinin nümayəndəsi iştirak etdilər.
İlk öncə UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinə Binəqədi rayonu haqqında məlumat verildi və qısa tanışlıq oldu.
Daha sonra “Məktəbəqədər təhsilin genişləndirilməsi” mövzusunda keçirilən tədbir başladı.
Seminarı Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov açaraq ilk öncə rayon rəhbərliyi adından seminar iştirakçılarını salamladı, keçirilən mövzunun aktual olduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyin Təhsil şöbəsinin mütəxəssisi Afaq Abdinova və Beynəlxalq Məsləhətçi Yan Van Reyvens UNİCEF-in rayonlarda həyata keçirdikləri layihə haqqında geniş məlumat verdilər.
Çıxışlardan sonra “Məktəbəqədər təhsilin genişləndirilməsi” mövzusunda UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin Milli Məsləhətçisi Şərafət Şirinli təqdimat etdi.
Təqdimatdan sonra mövzu əsasında seminar iştirakçıları geniş müzakirə apardı və bu istiqamətdə vacib olan məqamlar haqqında təkliflər irəli sürdülər.
Keçirilən layihə Bakı şəhəri və regionlarda davam etdiriləcəkdir. Bu layihə ilə məktəbəqədər təhsilin hal-hazırki vəziyyətini müzakirə edilməsi və yeni modellər hazırlayaraq müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.