"Torpaq uğrunda ölən varsa Vətəndir" adlı tədbir keçirildi
Aprelin 19-da Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi rayon təşkilatının və Binəqədi Mərkəzi Mədəniyyət Evinin təşkilatçılığı ilə "Torpaq uğrunda ölən varsa Vətəndir" adlı tədbir keçirildi.
Tədbir qoşunların təmas xəttində son günlər gedən döyüşlərdə şəhid olmuş Binəqədi qəsəbəsinin sakinləri Emin Bağırov və Fəxrəddin Qurbanlının əziz xatirəsinə həsr olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, şəhidlərin valideynləri və ailə üzvləri, qəsəbə icra nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin rəhbərliyi, N saylı hərbi hissənin əsgərləri, məktəblilər, müəllimlər və qəsəbə sakinləri iştirak etdilər.
Tədbir Binəqədi qəsəbə sakinləri olan şəhidlərimiz - Emin Bağırov və Fəxrəddin Qurbanlıya həsr edilmiş video filmin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova şəhidlik zirvəsinə ucalan vətən övladlarının ailələrinə başsağlığı verdi və onlara səbr dilədi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Rəvanə Əliyeva, əvvəlcə, torpaqlarımız uğrunda gedən son döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərdən - Lələtəpəyə bayrağımızı sancan qəhrəman şəhidimiz Emin Bağırov, Azərbaycan ordusunun əsgərləri Cabbarxan Hacıağayev, Fəxrəddin Qurbanlı, Mahir Mirzəyevin Binəqədi rayon sakinləri olduğunu vurğuladı və onların, eləcə də bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra qeyd edildi ki, canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazan şəhidlər illər, əsrlər keçsə də xalq tərəfindən heç vaxt unudulmur. Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından danışan natiq, torpaqlarımızın düşmən tapdağından azad olunacağı və şəhidlərimizin qanının yerdə qalmayacağı günün yaxında olduğunu artıq inamla deyə bildiyimizi vurğuladı.
Daha sonra çıxış edən şəhid Emin Bağırovun qardaşı Yaqub Bağırov və şəhid Fəxrəddin Qurbanlının əmisi Adil Qurbanov Vətən yolunda şəhid olmuş ailə üzvlərinin qanının yerdə qalmayacağına inandıqlarını və hər zaman Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması üçün vuruşmağa hazır olduqlarını bildirdilər.
Bədii hissə ilə davam edən tədbir vətənə, şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və Binəqədi Mərkəzi Mədəniyyət Evinin xanəndələrinin ifasında “Qarabağ Şikəstəsi” ilə yekunlaşdı.