Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evinin açılışı oldu

25 aprel 2016 | 11:00

Aprelin 25-də Binəqədi rayonunda Binəqədi Gənclər evinin açılışı oldu.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Mərasimdə çıxış edən Xaləddin İsgəndərov açılışın BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirildiyi günə təsadüf etməsinin əhəmiyyətini xüsusi vurğuladı. Aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində təmas xəttində döyüşlərdə şəhid olan və yaralanan əsgərlərimizin xatirəsini yad edən X.İsgəndərov istifadəyə verilən Gənclər evinin gələcəkdə vətənpərvər gənclərin yetişməsində mühüm rol oynayacağını dedi.
Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirdi. O, sağlam və vətənpərvər gənclərin yetişməsinin dövlət gənclər siyasətinin prioritet istiqaməti olduğunu qeyd etdi. Azərbaycanda sayca 38-ci Gənclər evinin açıldığını və bu mərkəzlərin respublikamızda genış şəbəkəyə çevrildiyini diqqətə çatdıran nazir onların böyük əksəriyyətinin regionlarda fəaliyyət göstərdiyini dedi. Nazir vurğuladı ki, bu mərkəzlər gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsi, onların intellektual səviyyələrinin artırılması baxımından mühüm rol oynayacaq.
Gənclər üçün inşa olunan belə gözəl mərkəzin açılışında iştirakdan məmnunluğunu vurğulayan BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi ölkəmizə artıq üçüncü dəfə səfər etdiyini vurğulayaraq dedi: “Hər səfərimdə Azərbaycanın dinamik inkişafına heyran oluram. Bu möhtəşəm Gənclər evi də Azərbaycanın sürətli inkişafının daha bir göstəricisidir. Mən 70-dən çox ölkədə səfərdə olmuşam və gənclər üçün müxtəlif mərkəzlər görmüşəm. Lakin açılışında iştirak etdiyimiz bu Gənclər evi gördüklərimin arasında ən yaxşılarından biridir. Burada gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Bu səbəbdən Azərbaycan hökumətini və xalqını təbrik edirəm. Bu hadisə məni təəccübləndirmir. Bu ölkəni tanıdığım dövrdən dövlətin gənclər sahəsinə yatırdığı sərmayənin yüksək bəhrəsinin şahidi olmuşam. Buna görə də bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dünyanın ən mötəbər tədbirlərinin keçirildiyi beynəlxalq məkana çevrilib”.
Ölkəmizdə gənclərə yüksək diqqət və qayğıdan danışan Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirdi ki, dünyada baş verən problemlərə, böhranlara baxmayaraq, Azərbaycan dövləti sosial inkişaf sahəsində heç bir layihənin icrasını dayandırmayıb. F.Muradov Azərbaycanın parlaq gələcəyi üçün ağıllı, vətənpərvər gənclərin yetişməsinin vacibliyini qeyd etdi.
Sonra tədbir iştirakçıları Gənclər evində yaradılan şəraitlə tanış oldu.
Gənclər evində inzibati otaqlarla yanaşı, 75 yerlik akt zalı, psixo-sosial xidmət, ünsiyyət klubu, elektron kitabxana, informasiya guşəsi, iş otaqları var. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsi, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı guşələr yaradılıb.
Mərkəzdə, həmçinin art-studiya, sərgi qalereyası, söhbət klubu, masaüstü oyunlar otağı, istedadların hazırlığı laboratoriyası, gənc iqtisadçılar klubu, ekologiya dərnəyı, internet klub, peşə mərkəzi, foto və video studiyaları, vətənpərvərlik, texnika və ixtiraçılar klubları, fitnes zalı, tennis və bilyard otaqları, rəqs dərnəyi və gənclər klubu da fəaliyyət göstərir. Bir sözlə, burada Vətənə, dövlətə, xalqa sədaqət ruhunda sağlam düşüncəli gənclərin yetişməsi üçün hər cür şərait yaradılıb.

Keçidlər