“ASAN Könüllüləri Gənclər Təşkilatı” üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirildi
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Fərid Sadıqlı və bir qrup üzvü, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
Tədbirdən öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, büstün önünə gül-çiçək dəstələri düzdülər.
Tədbir ASAN Könüllüsü Kənan Qubadzadə tərəfindən açıq elan edildi və öncə vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Sonra ASAN Könüllüsü Kənan Qubadzadə ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verdi, Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri üç aylıq təcrübənin hesabatını təqdim etdi.
Sonra ASAN könüllülərindən Vüsalə Quliyeva, Günay Qarayeva, Hüseyn Quluzadə və Ülfət Qüdrətli çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri iş təcrübəsindən danışdılar, ötən üç ay ərzində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs etdilər və bütün bunlara görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Ü.Mehdiyev ölkədə uğurlu gənclər siyasətindən bəhs etdi. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulandı.
Sonra çıxış edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Fərid Sadıqlı “ASAN – Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri təcrübənin onların gələcək karyera həyatları üçün müsbət rolundan danışaraq bu təcrübənin onlara öz töhfəsini verəcəyini vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd etdi. Natiq vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırmış və gənclərdə də bu sahəyə maraq oyatmışdır, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlamışlar. Çıxışda bildirildi ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.
Daha sonra ASAN könüllülərə sertifikatlar təqdim olundu, ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbəti davam etdirdilər.