Şriftin ölçüsü :

Saytın rəngi :

11 noyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi “Azərbaycan Bayrağı” ordenli əsgər Ələsgər Elxan oğlu Cavadovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

11 noyabr 2022 | 18:49

Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Budur şanlı, qürurlu Azərbaycan Ordusu, budur haqq mübarizəsi. Bu müharibə sonda Azərbaycanın tam Qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.

11 noyabr 2022-ci il tarixində Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi “Azərbaycan Bayrağı” ordenli əsgər Ələsgər Elxan oğlu Cavadovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin, bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Vətən müharibəsi başlayanda ölkədə bu haqq savaşına qoşulmaq üçün minlərlə könüllü ayağa qalxdı. Xalqın bütün nümayəndələri - ayrı-ayrı fərdlərdən tutmuş böyük müəssisələrədək - hər kəs ordumuza dəstək nümayiş etdirdi. Çünki torpaqdan pay olmaz. Çünki Vətən bölünməz! İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün gənclərimiz üçün əsl örnəkdir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbəmizdən danışdı.

Daha sonra Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.

Anım tədbirində xatirələrini bölüşən şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər