Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirildi

05 may 2016 | 11:00

5 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur» mövzusunda elmi-nəzəri konfrans keçirildi.
Tədbirdə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Millət vəkilləri Madər Musayev, Kəmaləddin Qafarov, Nizami Cəfərov, Mixail Zabelin, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Elman Nəsirov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Öncə tədbir iştirakçıları Ümummili Liderin abidəsi önünə gül dəstələri qoydular.
Konfrans Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmin təqdimatı ilə başladı.
Tədbirdə çıxış edən Milli Məclisinin üzvü Nizami Cəfərov «Heydər Əliyev – Azərbaycan ədəbiyyatının hamisi kimi» məruzəsi ilə çıxış edərək, Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışdı. O bildirdi ki, Heydər Əliyev tarix boyu böyük ideyaları həyata keçirərək ədəbiyyatımıza, milli – mənəvi dəyərlərimizə diqqət ayırırdı:«Milli dilimizin bənzərsiz təəssübkeşi Heydər Əliyev Azərbaycan dilini heyranlıqla sevib. Ona güclü məhəbbət bəsləyib, xalq mənəviyyatı, psixologiyası, ədəbiyyatı, mədəniyyəti - bütün bunların daşıyıcısı olan ana dilimizə dərindən bələd olub».
«Heydər Əliyev – Multikulturalizm dəyərlərinin hamisi» mövzusunda çıxış edən Milli Məclisin üzvü Mixail Zabelin Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün çox böyük siyasi irs qoyduğunu vurğuladı:" Ulu Öndərin irsi həm multikultural və tolerant dəyərlər baxımından, həm də digər istiqamətlərin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanda fərqli dinə mənsub insanlara, müxtəlif etnik qruplara dövlət səviyyəsində hər cür şərait yaradılıb:«Çox sevindirici haldır ki, Ulu Öndərin multuikulturalizm istiqamətində vaxtilə həyata keçirdiyi bu siyasət Azərbaycanla məhdudlaşmır. Bu siyasət indi bütün dünyaya sirayət edən bir siyasət kimi Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Konfransda «Heydər Əliyevin iqtisadi-inkişaf konsepsiyası» mövzusunda çıxış edən Milli Məclisin üzvü Şəmsəddin Hacıyev Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyev faktorunun rolundan danışdı. O bildirdi ki, 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi iqtisadi tənəzüldən inkişaf yoluna doğru apardı və qısa bir müddətdə Azərbaycan böyük uğurlara imza atdı. Dahi Şəxsiyyət Azərbaycanın özünəməxsus iqtisadi modelini yaratdı.
Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışan Ş.Hacıyev yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını dedi.
«Heydər Əliyevin Aqrar inkişaf konsepsiyası» mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Ümummilli Lider Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və parlaq səhifələrini yazan zəngin dövlətçilik fəaliyyətindən, cəmiyyət həyatının bütün sahələrində Onun rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlardan danışdı. E.İbrahimov Azərbaycanın iqtisadi, hərbi qüdrətinin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edərək Dahi Şəxsiyyətin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyini diqqətə çatdırdı.
Konfransda daha sonra çıxış edən Milli Məclisin üzvü Elman Nəsirov «Heydər Əliyev – Azərbaycanı beynəlxalq müstəvidə tanıdan şəxsiyyət», Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli məclisin üzvü Azay Quliyev «Heydər Əliyev və vətəndaş cəmiyyəti institutlarının formalaşması» mövzusunda çıxış etdilər.
«Heydər Əliyevin idarəetmə məktəbi» mövzusunda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğuladı. Bildirdi ki, bu gün hər birimiz Dahi Rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edir və Ona borcluyuq. Heydər Əliyev vətənpərvərliyi, mərdliyi, mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacaq.
Çıxışlar sona çatdıqdan sonra C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının  kollektivi - Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində xidmətlərinə görə, rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundu.

Keçidlər