Binəqədi rayonunun balaca fidanları “Yaşıl dağ” sosial aksiyasına öz töhvələrini verdilər
Mayın 14-də 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “İDEA” İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirildi.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Təhsil nazirinin müavini Firudin Qurbanov, İDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl və digərləri çıxış etdilər.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Tədbirdə Binəqədi rayonu 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları iştirak edərək “Yaşıl dağ” sosial aksiyasına öz töhvələrini verdilər. Belə ki, balaca fidanlar ekologiya ilə bağlı maraqlı kompazisiya nümayiş etdirdilər və “Təbiəti qoruyaq” adlı mahnını ifa etdilər.