Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Qarabağ həftəsi” layihəsinə start verildi

16 may 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “Qarabağ həftəsi” layihəsinə start verildi.
16 may 2016-cı ildə Binəqədi rayonu 297 və 300 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsinin ilk təqdimatı keçirildi. Təqdimatda Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP rayon təşkilatının əməkdaşları, 297 və 300 saylı orta məktəbin rəhbərlik və kollektivi iştirak etdilər.
297 saylı orta məktəbdə keçirilən “Ağdərə harayı” adlı təqdimat Ağdərə rayonuna həsr olundu. İstedadlı şagirdlərin təqdimatında Ağdərə rayonunun tarixi, ərazisi, əhalisi, iqtisadiyyatı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, rayon 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon - Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb. Həmçinin o da bildirildi ki, Ağdərə rayonu Qarabağın ən çox azərbaycanlının yaşadığı rayonu olmuşdur. Belə ki, Ağdərənin 14 kəndində ümumilikdə 14 min azəbaycanlı yaşayıb. Lakin 7 iyul 1993-cü ildə erməni qəsbkarlarının Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etməsi nəticəsində soydaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Rayon haqqında geniş slaydın təqdimatından sonra şagirdlərin ifasında vətənpərvərliyi tərənnüm etdirən şeirlər, mahnılar səsləndirildi, rəqslər ifa olundu.
Sonda cari ilin 2-5 aprel tarixlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada qəhrəmancasına vuruşan və şəhid olan oğullarımız haqqında və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orudumuzla bağlı fikirlərindən ibarət videoçarx nümayiş etdirildi.
Tədbirin sonunda çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və 300 saylı orta məktəbin direktoru İradə Xəlilova “Qarabağ həftəsi” layihəsinin reallaşdırılmasının yüksək əhəmiyyətindən danışdılar. Bildirdilər ki, bu cür layihələr gənclərimizin və yeniteymələrimizin vətənpətvərlik ruhunda tərbiyə olunmasında olduqca vacibdir.
Təqdimatdan sonra məktəb şagirdlərinin vətənpərvərliyə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.
Dövlətimiz və xalqımız üçün hər zaman müqəddəs amallardan olan vətənpərvərliyin təbliği, Azərbaycanın əzəli tarixi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması faktının geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən layihə silsilə olaraq Binəqədi rayonunun 32 orta ümumtəhsil məktəbini əhatə edəcək. Layihə çərçivəsində məktəb şagirdlərinin təqdimatında erməni işğalı altında olan 12 rayonumuz haqqında müxtəlif məlumatlar, slaydlar, həmin rayonlara məxsus tarixi və mədəniyyət abidələri, həmin rayonların tarixi şəxsiyyətləri, musiqisi və s. haqqında dolğun məlumatlar müxtəlif fərqli təqdimatlar vasitəsilə çatdırılacaq. Münsiflər heyətinin qərarı ilə ən fərqli və maraqlı təqdimatları hazırlayan məktəblər seçilərək mükafatlandırılacaq və onların iştirakı ilə layihənin yekun tədbiri keçiriləcək.

Keçidlər