Binəqədi rayonunda “Məktəblilərin Sağlamlıq forumu” keçirildi
17 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin bir qrup şagirdi üçün “Məktəblilərin Sağlamlıq forumu” keçirildi.
Forumun rəsmi açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə yetişməkdə olan gənc nəslin sağlamlığının qorunmasının zəruriliyini qeyd edərək təmsil etdiyi qurumun bu sahədə ardıcıl tədbirlər həyata keçirdiyini nəzərə çatdırdı. O, məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işlər barədə məlumat verərək, qeyri-hökumət təşkilatlarının da birgə səy göstərməsinin vacibliyini vurğuladı.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək yeniyetmə və gənclər arasında sağlam həyat tərzi təbliği istiqamətində görülən işlər barədə məlumat verdi, bu işlərin mütəmadi olaraq davam etdirilməsinin əhəmiyyətini vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, İctimai Səhiyyə və İslahatlar mərkəzinin nümayəndəsi Səbinə Babazadə, “Mənim Təhsilim və Mənim Gələcəyim” kampaniyasının təsisçisi Rövşən Nəcəfov çıxış edərək Forumun əhəmiyyətini vurğuladılar və Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən bu təşəbbüsün məktəblilərin fiziki, mənəvi, intellektual inkişafı istiqamətində ciddi addım olduğunu bildirdilər.
Tədbirin rəsmi hissəsindən sonra ekspertlərin məruzələri dinlənildi.
Forum interaktiv yolla davam etdirildi, məktəbliləri maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırıldı.
Forum çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəblilərin tibbi müayinələri təşkil olundu, məktəblilərə sağlamlığın qorunmasına dair maarifləndirici materiallar paylanıldı.
Belə forumun Bakı şəhərinin 7 rayonunda keçirilməsi nəzərdə tutulub. Məktəblilərin sağlamlığının qorunması, fiziki tərbiyəsinin inkişaf etdirilməsi, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılması və sağlam həyat tərzi keçirmələrinə kömək etməyi nəzərdə tutan forum çərçivəsində məlumatlandırma sessiyaları ilə yanaşı, məktəblilər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər və maarifləndirici kampaniyalar təşkil olunur.