Şriftin ölçüsü :

Saytın rəngi :

“18 May-Beynəlxalq muzeylər günü” münasibətilə şagirdlərin Müasir İncəsənət Muzeyinə ekskursiyası təşkil olundu

17 may 2016 | 11:00

17 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 May-Beynəlxalq muzeylər günü” münasibətilə orta ümumtəhsil məktəb şagirdlərinin Müasir İncəsənət Muzeyinə ekskursiyası təşkil olundu.
Muzeyin əməkdaşı Müasir İncəsənət Muzeyinin yaranması tarixi, muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Muzey Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır. Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. Muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir. Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salaxov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıxzadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub.
Muzeydə ziyarətçilərin istirahətinin maraqlı və faydalı təmin edilməsi üçün oxu zalı, video zal və “Art” kafe də fəaliyyət göstərir.
Özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuş muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir.
Ekskursiyada Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş rəsm müsabiqələrində fərqlənmiş şagirdlər iştirak etdilər.

Keçidlər