Binəqədi rayonunda Laçın rayonuna həsr olunmuş “Laçın nağılı” adlı təqdimat keçirildi
18 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 179 və 182 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Laçın rayonuna həsr olunmuş “Laçın nağılı” adlı növbəti təqdimat keçirildi.
Təqdimatda münsiflər heyətinin üzvləri, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müdiri Zivər Abbasova, YAP rayon təşkilatının əməkdaşları, 179 və 182 saylı məktəblərin rəhbərlik və kollektivi iştirak etdilər.
Təqdimatı giriş sözü ilə açan 179 saylı tam orta məktəbin direktoru Kəmalə Şıxlinskaya orta məktəb şagirdləri arasında təşkil edilmiş bu layihənin vətənpərvərliyin tərənnüm etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. O, bugünki təqdimatın məhz 18 may Laçının işğalı günündə keçirildiyini vurğulayaraq, “Laçın nağılı” adlı təqdimatda rayonda baş verən mühüm tarixi hadisələrin bir neçəsinin səhnəciklərlə canlandırılacağını diqqətə çatdırdı. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə çıxışına yekun vurdu.
Təqdimat hər iki məktəbin istedadlı şagirdlərinin ifasında müxtəlif səhnəciklərin nümayişi, şeirlər, rəqslər və mahnıların ifa edilməsi ilə davam etdirildi.
Təqdimatın sonu qələbə əzmi ilə başa çatdı. Erməni işğalına, çoxsaylı itkilərimizə baxmayaraq Şuşadan ucalan azan səsi ilə bütün insanlar Qarabağa, Laçına, Şuşaya qayıtmaq, qisasımızın tezliklə alınması əzmini göstərdi.
Laçın rayonuna gəsr olunmuş “Laçın nağılı” adlı təqdimat bütünlüklə səhnəciklərin nümayiş etdirilməsi ilə tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Təqdimatda yekun nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva layihənin əhəmiyyətindən danışaraq bildirdi ki, “Qarabağ həftəsi” adlı layihə may ayının 27-nə qədər davam edəcək və işğal altında olan bütün rayonlarımızın orta məktəb şagirdləri tərəfindən təqdimatları təşkil ediləcəkdir. Bütün təqdimatların yekunundan sonra qaliblər elan olunacaq və bağlanış tədbirində həmin təqdimatlara yenidən yer veriləcək. O, eyni zamanda vətənpərvərliyin təbliğinə xidmət edən bu cür layihələrin davamlı olmasının vacibliyini önə çəkərək, bunun yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə olunmalarına böyük təkan verdiyini vurğuladı.