Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Mahir Mirzəyevin qırx mərasimi keçirildi

19 may 2016 | 11:00

Mayın 19-da Binəqədi rayonunda qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Mahir Mirzəyevin qırx mərasimi keçirildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, millət vəkilləri Kamaləddin Qafarov, Madər Musayev, Adil Əliyev, Rasim Musabəyov, Hikmət Babaoğlu, Binəqədi və Nərimanov rayonlarının idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəhid Mahir Mirzəyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.
Qırx mərasimindən öncə şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyevə oğlunun “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalının təqdim edilmə mərasimi oldu.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev mütəşəkkil ordumuz tərəfindən aprel döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin vahimə içində geri çəkildiyi və nəticə etibarı ilə işğal altında olan geniş ərazilərimizin azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarının döyüş meydanında göstərdiyi şücaətdən danışıb, Mahir Mirzəyevin də vətənpərvər ruhda böyüdüyünü və bu ülvi hisslərin sayəsində də onun şəhidlik zirvəsinə ucaldığını qeyd etdi.
Mərasimdə Mahir Mirzəyevin timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və heç zaman unudulmayacağı vurğulanaraq, bu gün xalqımızda qələbəyə inam əzminin daha güclü olduğu və bu inamın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində daha da yüksəldiyi, tezliklə erməni faşizmi üzərində möhtəşəm qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edildi.
Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edildi.
Tədbirin sonunda şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi, Mahirin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söylədi, şəhidlərimizin qanının yerdə qalmayacağına söz verdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər