Binəqədi rayonunda “Qarabağ həftəsi” layihəsi çərçivəsində Cəbrayıl rayonuna həsr olunmuş təqdimat keçirildi
18 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 144, 157 və 267 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonuna həsr olunmuş növbəti təqdimat keçirildi.
Təqdimatda münsiflər heyətinin üzvləri - Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müdiri Zivər Abbasova, YAP Binəqədi rayon təşkilatının əməkdaşları,144 və 157 saylı orta məktəblərin rəhbərlik və şagird kollektivi iştirak etdilər.
Təqdimatdan öncə Milli Qəhrəman Famil İsgəndərovun təhsil aldığı və adını daşıdığı 157 saylı orta məktəbin həyətində ucaldılmış büstü önünə güllər qoyuldu, şəhidlərimiz ehtiramla yad edildi.
Təqdimat dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
157 saylı orta məktəbin tarix müəllimi Ruslan Ağamalıyevin təqdimatında Cəbrayıl rayonun tarixi, tarixi abidələri, mədəniyyət nümunələri, etnoqrafiyası, coğrafi mühiti, iqtisadiyyatı, mətbəxi və s. haqqında geniş slaydlar təqdim edildi.
Təqdimatda həmçinin “Uzun Dərə” və “Sarı Gəlin” rəqsləri, “Azərbaycan oğluyam” mahnısı, saz ifaları, müxtəlif şeirlər, tamaşalar nümayiş etdirildi.
Bu ilin 2-5 aprel tarixlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində şəhid olmuş oğullarımız haqqında videoçarx təqdim edilərək onların əziz xatirəsi dərin ehtiramla yad edildi. Bildirildi ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu sayəsində bütün şəhidlərimizin qisası tezliklə alınacaq.
Tədbirdə çıxış edən Zivər Abbasova erməni işğalı altında olan Qarabağ torpaqlarımızın tezliklə azad olunacağına inamını ifadə etdi. Bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Cəbrayıl rayonu, eləcə də işğal altındakı bütün torpaqlarımız tez bir zamanda azad oluncaq və bizlər öz yurd-yuvamıza geri dönəcəyik.
Tədbirdə 157 saylı orta məktəbin müəllimi, şair Adil Həmidov çıxış edərək, vətənəpərvəlik və Qarabağ haqqında yazdığı şeirləri səsləndirdi.
Tədbirin sonunda çıxış edən 157 saylı tam orta məktəbin direktoru Gülayə Səttarova “Qarabağ həftəsi” layihəsinin təşəbbüskarlarına təşəkkürünü bildirdi və bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayaraq xüsusilə orta məktəblərdə, yeniyetmə və gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında olduqca əhəmiyyətli olduğunu qeyd etdi.