Binəqədi rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının qırx mərasimi keçirildi
Mayın 20-də Binəqədi rayonunda bu ilin aprel ayında qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının qırx mərasimi keçirildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Madər Musayev, Azay Quliyev, Kamaləddin Qafarov, Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etdi.
Qırx mərasimindən öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunan şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlıya həmin medalın təqdimedilmə mərasimi keçirildi.
Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov mərasimi açaraq Fəxrəddin Qurbanlının timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını və heç zaman unudulmayacağını vurğuladı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında tezliklə erməni faşizmi üzərində böyük qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə etdi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi tərəfindən hazırlanmış bədii kompozisiyanın müşayiəti ilə onun ailəsinə təqdim edildi.
Şəhidin atası Seyfəddin Qurbanlı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi, Fəxrəddinin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söylədi.